| |
Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı bir çox xarici dillərə tərcümə olunaraq nəşr edilmiş, oxucuların dərin rəğbətini qazanmış, xüsusi elmi araşdırmaların mövzusuna çevrilmişdir. Bu roman qardaş Türkiyədə də dəfələrlə nəşr edilmiş, 1997-ci və 2003-cü illərdə ilin ən çox satılan 10 kitabı sırasında yer almışdır. Roman Türkiyədə ilk dəfə 1993-cü ildə doktor İldəniz Kurtulanın çevirməsində “E yayınları” nəşriyyatında çap olunmuşdur. 1994-cü ildə romanı “Milli Kitabxana Basımevi” nəşr etmişdir. “Mahmud və Məryəm” 1997-ci ildə doktor Əli Duymazın yeni çevirməsində qardaş respublikanın ən qədim və nüfuzlu nəşriyyatlarından olan “Ötüken”də çapdan çıxmışdır. Bundan sonra roman həmin nəşriyyatda dəfələrlə yenidən işıq üzü görmüşdür. 2001-ci ildə “Mahmud və Məryəm” “Çağdaş dünya ədəbiyyatı” seriyasından “Everest” nəşriyyatında çap olunmuşdur. Əsər bir sıra universitetlərdə, o cümlədən Ərzurum Atatürk, Memar Sinan, İstanbul fateh universitetlərində elmi tədqiqata cəlb olunmuşdur. Eyni zamanda, roman fateh Universitetində səhnələşdirilmişdir. Türkiyənin ən tanınmış sinema şirkətlərindən “24 Kare film” bu günlərdə “Mahmud və Məryəm” romanı əsasında bədii film çəkmək üçün müqavilə imzalamışdır. film fİYAB-in (film Yapımçıları Məslək Birliyi) dəstəyi ilə çəkiləcəkdir. Şirkətin sahibi və filmin prodüseri Sevda Kayğısız demişdir: “Türk dünyasının böyük yazarı Elçinin “Mahmud və Məryəm” romanı əsasında film çəkmək bizim çoxdankı arzumuz idi. Mən çox xoşbəxtəm ki, nəhayət, bu arzu reallaşmışdır. Çəkilişləri Ərzurumda, Qarsda və Azərbaycanda aparılacaq filmin istehsalı 2010-cu ildə başa çatacaqdır. Yeni ekran əsərinin Ankarada, İstanbulda və Bakıda qala nümayişləri keçiriləcəkdir. filmin yaradıcı heyətində məşhur türk sənətçiləri ilə bərabər, Elçinin təklifi ilə bir sıra görkəmli Azərbaycan sənətkarları da iştirak edəcəklər. Şübhəsiz ki, bu film Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır. filmin prospektini biz ABŞ, Almaniya, fransa, Yaponiya kimi ölkələrin məşhur prokat qurumlarına göndərmişik və artıq həmin qurumlar “Mahmud və Məryəm”lə maraqlandıqlarını bildirmişlər. Azərbaycan və türk dillərindən əlavə ingilis, fransız və alman dillərinə dublyaj edəcəyimiz bu filmin 2010-2011-ci illərdə 20 ölkədə nümayiş olunacağı nəzərdə tutulmuşdur”.
|
|