| |
 Hörmətli Musa müəllim! Sizi - istedadlı şairimizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik. İlk mətbu şeriniz 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş, yaradıcılığınızın ilk nümunələrindən olan, 1970-ci illərdə yazılan "Pıçıltı-pıçıltı açır çiçəklər" şeriniz ədəbi ictimaiyyətin diqqətini çəkmişdir. Siz məcburi köçkün ömrü yaşayan qələm sahiblərindənsiniz, oxucuları vətənpərvərliyə səsləyən şeirlərlə dövri mətbuatda tez-tez çıxış edirsiniz. "Yeni Gülüstandan", "Bu yazı bizimdir", "Vətənə", "Hər daşı oxudaq", "Şuşaya gedən yol", "Qarşıda" və s. şeirləriniz maraqla qarşılanmışdır. 2006-cı ildə "Ad günləri qarşıdadır" kitabınız poeziyasevərlərə təqdim edilmişdir. Kitaba daxil olan eyni adlı poema Azərbaycanın Milli qəhrəmanı Vəzir Orucova həsr edilib. Siz bu poemada yüksək amal uğrunda şəhid olan bir qəhrəmanın bədii obrazını yarada bilmisiniz. Cümhuriyyətimizin 90 illiyinə həsr etdiyiniz "Qalx, tarixçim, qalx ayağa" lirik poemanız da oxucuların marağına səbəb olmuşdur. Hörmətli Musa müəllim! Sizi bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Azərbaycan Yazıçılar Birliyi ********************* Vüqarımın zirvəsində Gün doğdu, qartək əridim, İsindi torpaq, yaşadım. Bəlkə bir tumurcuq idim, Oldum bir yarpaq, yaşadım. Gün nurunu səpdi yerə, O, bir bütöv, mən bir zərrə. İşıq dolu zirvələrə Könlümdə maraq yaşadım. Ancaq həyat gör neçə iç… Heyif, tapdım düz yolu gec. Eldən ki güc almadım - heç… Özümdən uzaq yaşadım. Dedin: - Haqqı ortaya çək, Baş almasın yalan, kələk. Haqq alınar, budur bu dərk, Budur bu - anlaq, yaşadım. Öz süfrəmdən yeyə billəm, Bəy libası geyə billəm. Yurda dönsəm, deyə billəm: Əlimdə yaraq yaşadım! Zirvələr var, neçə endə… Kirs, Dəlidağ gözlər öndə… Vüqarımın zirvəsində Üçrəngli bayraq yaşadım. Qaralmış, qurumuş sözlər var Qarabağ… məcburi köçkün… qayıdış… Vaxt keçir, bu sözlər nə ucuz belə. "Qədim yurd, məhəbbət, qürur, iftixar" - Hələ harasıdır, yurdlarla birgə Bəzi sözləri də gəl uduz belə… Sözlərin itkisi ruhumdan keçər, Təhlükə olmazmı bu ürək üçün? Saxta layihələr, xəritələr var, Billəm, yaddaşımı keyitmək üçün. Sevimli sözlər var, sınır, əyilir, Qorxuram dilimdən düşələr qaçaq. Sözləri öldürüb, şikəst eyləmək, Yenə varlığıma zərbədir ancaq! Bəlkə də ruhumu divarlar sıxır, Üzümə ən geniş meydanları aç! Zəhərlənmiş qanım arınsın bir az, Boğulan ruhumuz Şuşaya möhtac! Sözü kəskin deyək, bir az da açıq, Sözün də ardında nə güc var, bilim. Yoxsa bəzi sözlər lüğətdən çıxar, Ta nəyə yarayar o kasıb dilim?.. Qaralmış, qurumuş sözlər var, qardaş, Billəm, Xankəndində yaşıllaşacaq. "Qədim yurd, məhəbbət, qürur, iftixar…" Bu sözlər qalacaq, əlbəttə, o vaxt Ta saxta mahnılar oxunmayacaq. Duzlu dəsmalımı Arazda yuyum Sənəti bənnalıq deyil, o kəs ki, Daş üstə daş yığar, hörməyə qoymaz. Pislər var, bu qıfıl paslansın deyər, Düyünü döndərər, ilməyə qoymaz. De nə var fikrində, nə var qolunda, Nələr var, kimlər var, de, sağ-solunda?.. Kim kəsib yolunu aran yolunda, Atları dağlara sürməyə qoymaz. fələkmi bizləri əlacsız qoyub, O kimdir ruhumu talayıb, soyub? Duzlu dəsmalımı Arazda yuyub, Çıxıb Ziyarətdən sərməyə qoymaz. Bu suçu verməyək, gəl, yerə, göyə. Güc olub haqsızı əyməyək niyə? Yiyə var, nə yazıq, aldanan yiyə İtini oğruya hürməyə qoymaz… Musa, seçməliyik əyrini, düzü, Dalanlar üfüqə aparmaz bizi. Xırda sevinclərin böyük kölgəsi Geniş göy üzünü görməyə qoymaz. Kim deyir ki, layla de Keyləşməsin ağıllar; Bizə ləkə yaxılar. Qarışıqdır yuxular, Oyat məni, ay ana, Kim deyir ki, layla de!? Keçib gedir vaxt-vədə, Dəmir gərək kürədə. Yatmışammı dərədə, Oyat məni, ay ana, Kim deyir ki, layla de!? Sınaq, döyüş - bir səhər… Yatmaq olmaz bu qədər. Huşum da itib gedər, Oyat məni, ay ana, Kim deyir ki, layla de!? Laylaların qəsdin nə? Zaman durub qəsdimə. Soyuq su tök üstümə, Oyat məni, ay ana, Kim deyir ki, layla de!? Kimlər kimə "döz" deyir, Təzə yastıq üzləyir? Söz-yastıqlar az deyil, Oyat məni, ay ana, Kim deyir ki, layla de!? Yad oxşama, laylalar… Billəm, olub, yenə var! Varsan, doğma anam var, Oyat məni, ay ana, Kim deyir ki, layla de!?
|
|