|
|
|
| |
| |
| |
Miniatür kitabın böyüklüyü
| |
| |
|
|
| |
"Təxminən üç il bundan əvvəl burada maestro Niyazinin haqqında yazılanları özündə əks etdirən miniatür kitabın təqdimat mərasimi keçirildi. Həmin mərasimdə mən görkəmli yazıçımız Mirzə İbrahimovun qızı Sevda xanımla şəxsən tanış oldum. Təklif etdim ki, Mirzə müəllim haqqında da belə bir kitabın nəşr edilməsində bizə yardımçı olsun. Şadam ki, bu istəyimiz gerçəkləşib. Artıq 265 səhifəlik, 40x45 mm formatlı, nəfis tərtibatlı kitab bizim əlimizdədi, burada Mirzə müəllim haqqında yazılanlarla bərabər 54 fotoşəkil də yer alıb". Bunları Miniatür Kitab Muzeyinin direktoru Zərifə xanım Salahova tarix elmləri doktoru, professor Teymur Əhmədovun "Mirzə İbrahimov. Həyat və yaradıcılığı" miniatür kitabının təqdimat mərasimində söylədi. Millət vəkili, professor Cəmil Həsənli təqdimat mərasimində çıxış edərək kitab muzeyinin müqəddəs bir məkan olmasını önə çəkdi, bildirdi ki, buradakı miniatür kitablar Azərbaycanın böyük tarixini özündə əks etdirir. Sonra o, Mirzə İbrahimovdan mütəfəkkir yazıçı, görkəmli ictimai xadim, Azərbaycan dilinin odqoruyanı kimi söz açdı: "Daşıdığı yüksək vəzifələrin müqabilində o, imkan düşən kimi azərbaycançılıq düşüncəsini qabartdı, Azərbaycanın taleyi üçün mühüm işlər gördü. 1956-cı ilin avqustunda qəbul olunan Azərbaycan Konstitusiyasında dilimizin dövlət dili kimi öz əksini tapmasında Mirzə müəllimin müstəsna xidməti olmuşdu və bunun üstündə onun başı çox bəlalar çəkdi. Ancaq bununla o, azərbaycançılıq düşüncəsində elə bir yer saldı ki, sonralar bu prosesi heç cür dayandırmaq mümkün olmadı. Mirzə müəllim bir şəxsiyyət kimi əsl insan idi. Ona gələn çoxsaylı məktublara şəxsən öz əliylə cavab yazardı. Ədalətli, prinsipial, işıqlı ziyalı, böyük vətəndaş, görkəmli yazıçı idi". Millət vəkili, yazıçı-publisist Elmira Axundova M.İbrahimovla uzun illər bir yerdə işləməsindən qürur duyduğunu önə çəkdi: "Böyük vəzifə daşımasına baxmayaraq, heç kəsin qəlbinə dəyməz, səsini ucaltmazdı. O, görüləcək işi yada salar, xatırladardı. Ən yüksək səviyyədə rəsmi yazışmaların əsası bizdə Mirzə müəllim Yazıçılar İttifaqının sədri işləyərkən qoyulmuşdu. Mirzə müəllim xüsusi olaraq tapşırmışdı ki, Yazıçılar İttifaqında bütün yazışmalar Azərbaycan dilində aparılsın. O, bədnam Zori Balayanın "Ocaq" əsərinə qarşı ölkəmizdə səsini qaldıran, ona tutarlı cavab verən ilk insanlardan biri idi. Gəncənin adının qaytarılmasında da o, ilk təşəbbüskarlardan olmuşdu. Mirzə müəllimlə ümummilli lider Heydər Əliyev arasında böyük dostluq var idi. Bu dostluğun sayəsində Mirzə müəllim dilimizlə, milli-mənəvi dəyərlərimizlə bağlı bir çox əməli işini reallaşdıra bildi…" Sonra millət vəkili bildirdi ki, Bakının görümlü yerlərindən birində Mirzə İbrahimovun heykəlinin ucaldılması ona ən yaxşı sayğı olar. Professor fərhad Bədəlbəyli də M.İbrahimov haqqında unudulmaz xatirələrini dilə gətirdi: "Mən bu ailəyə çox yaxınam. Ona görə ki, atam da, əmim də Mirzə müəllimlə çox yaxın dost idilər. Xoşbəxtəm ki, belə görkəmli bir insanı, böyük vətəndaşı görmək, onunla bir yerdə olmaq, fikir mübadiləsi aparmaq mənə də nəsib olub". Ədəbiyyatşünas alim Gülrux Əliəbyli nəzərə çatdırdı ki, Mirzə müəllim onun ilk xeyirxahlarından olub: "Onun ironik gülüşü heç vaxt yadımdan çıxmaz. Onda xüsusi cazibə, şəxsiyyət bütövlüyü var idi…" filologiya elmləri doktoru Sabir Nəbioğlu, millət vəkili Aydın Mirzəzadə, yazıçı Nüşabə Məmmədli də M.İbrahimovun xalqımız və ədəbiyyatımız qarşısındakı xidmətlərindən söz açdılar. Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayev Mirzə müəllimlə bağlı xatirələrini bölüşdü: "Katibliyə yeni işə gələndə Anar müəllimin Bakıda olmaması səbəbindən bir iclası mən aparmalı oldum. Bərk həyəcan keçirirdim. Bunu hiss edən Mirzə müəllim zarafat etdi ki, qorxma, Süleyman Rüstəm sənə kömək edər, Ali Sovetdə çox iclas açıb, bağlayıb. Beləcə, Mirzə müəllim məni o iclasın xofundan xilas etdi. Ancaq məndən də çox-çox qabaq o, öz nüfuzu, müdrikliyi ilə böyük sənətkarlarımız Üzeyir bəyi, Səməd Vurğunu Azərbaycanın fəxri insanları kimi otuz yeddinci ilin repressiyasından qorumuşdu…" Tədbirin sonnuda yazıçının övladları - bəstəkar Sevda İbrahimova və "Literaturnı Azərbaycan" jrunlanını baş redaktoru Solmaz İbrahimova atalarının xatirəsini dərin hörmətlə yad edənlərə, Miniatür Kitab Muzeyinin direktoru Z.Salahovaya dərin minnətdarlıqlarını bildirdilər. Sərvaz
|
|
|
|
|
|
| |
“Cəsarət - ürəyin istedadıdır”
| |
| |
|
|
| |
Doğru qənaətdi ki, azadlıq nəğməkarı, xalq şairi Xəlil Rza Ulutürkün poetik təfəkkürünün mənbə və qaynaqları milli-etnik mənbələr - folklor, klassik poeziya, habelə, dünya ədəbiyyatının ədəbi ənənələrini novatorcasına əxz etməsidi. Bu sıraya türk özümlüyündən ayrılmanın dərki, kökü - başlanğıcı tanıma və tanınma cəhdi, milli birlik vacibliyinin təbliği, Turançılıq aşiqliyi, azərbaycançılıq savaşı da daxildi. "Bütün bunlar X.R.Ulutürkü hərəkətə gətirən, onu başqalaşdıran psixoloji-mənəvi məkanlardır ki, şairi böyük həyat və mübarizə yoluna çıxarmışdır". Ədəbiyyatşünas alim Əlizadə Əsgərlinin "Xəlil Rza Ulutürkün poetikası" monoqrafiyasında da böyük şairin yaradıcılığı bu yöndən araşdırılır, onun vətən, tarix, xalq qarşısındakı ictimai borcundan, poetik qüdrətindən söz açılır. Xəlil Rza Ulutürk "milli vətəndaş şair, görkəmli tərcüməçi, dilin təmizliyi uğrunda usanmaz mübariz", novator şairdi. "Onun şəxsiyyətini ehtiva edən çoxcəhətlilik bədii-elmi təfəkkürünün zənginliyi ilə bağlıdır… Onun poeziyasında mifoloji başlanğıcdan həyata, təbiətə, dünyaya, xalqa baxış və münasibət müəyyənliyi güclüdür". Sözügedən monoqrafiyanın birinci fəslində şairin poetikasına bu münasibət prizmasından nəzər salınır. Kitabın ikinci fəslində X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi gerçəklik zəminində milli xarakterinin təkamülü öyrənilir. Tədqiqatın üçüncü fəslində şairin vəzn, janr, bənd və qafiyə sistemi, ahəng və intonasiyası, təsvir və ifadə vasitələri araşdırılıb. Müəllif X.Rza milliliyinin nəzəri-ideoloji və bədii-estetik əsaslarında M.Ə.Sabir və A.Səhhət poetik məktəbinin dayandığını, C.Cabbarlı, S.Vurğun, R.Rza ədəbi məktəblərinin müstəsna yer tutduğunu önə çəkir, şairin türk qövmlərinin ədəbi təcrübəsinə yaxından bələdliyi, slavyan xalqları ədəbiyyatına, folkloruna aşinalığı müqayisəli təhlil yoluyla diqqətə çatdırır. Tədqiqatçı qeyd edir ki, X.R.Ulutürk poeziyasına baxışın metodoloji məsələləri həm də XX əsr şerinin bütünlükdə poetikasının öyrənilməsi ilə müəyyənləşir: "İlk dəfə səy etmişik ki, bədii dil X.Rza şerində necə təzahürləşir, ona cavab verək. Şair ədəbi dil nəhrindən necə, nə qədər, nə məqsədlə istifadə edib, onları müəyyənləşdirək. X.Rzanın heca vəznində ritm, ahəng, intonasiya bu şeirlərin üstündə hansı naxışları, ornamentləri qoyur - onları göstərmək istəmişik…" Monoqrafiya X.Rza şeirləri necə hörülübsə, bu ornamentləri eləcə də izah edə bilmək, onların fikir və mənasını "oxuya", "oxuda bilmək" amacıyla araya-ərsəyə gəlib, özündə "İldırım buludun, tufan dənizin, Cəsarət ürəyin istedadıdır" qənaətini bütövlükdə ifadə edir. Kitab ədəbiyyatşünas alim Ş.Alışanlının elmi redaktorluğu, professorlar N.Şəmsizadə və N.Qəhrəmanlının rəyi ilə nəşr olunub. S.Əsgərli
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|